SİYASƏT
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi Dövlət Bayrağı Meydanında olmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, ekskursiyada YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları, ərazi ilk partiya təşkilatının sədrləri, partiyanın gənc fəalları iştirak etmişlər.
YAP Binəqədi rayon təşkilatının kollektivinə Dövlət Bayrağı Meydanı haqqında məlumat verilmişdir.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olmuşdur. Məlumat verilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Diqqətə çatdırılmışdır ki, dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Muzeydə Dövlət Bayrağı Meydanının tikintisini əks etdirən videoçarx nümayiş olunmuşdur.