Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti qanvermə aksiyası təşkil etmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi növbəti qanvermə aksiyası təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilən aksiyada 200-dək gənc iştirak etmişdir.
Aksiyada iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, bu layihə partiya gənclərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən Əli Əhmədov bildirmişdir ki, gənclər bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər.
Qanvermə aksiyasında YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak etmişlər.
Gənclərin bu təşəbbüsünün əhəmiyyətini vurğulayan Siyavuş Novruzov demişdir ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcəkdir. YAP və onun Gənclər Birliyi bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar davamlı olacaqdır.