YENİ AZƏRBAYCAN PARTİYASININ İCRAÇI KATİBİ İMİŞLİDƏ OLMUŞDUR
Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov İmişlidə olmuş, rayonda müvəqqəti məskunlaşan Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının sakinləri ilə görüşmüşdür. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki Əli Əhmədov qaçqın və köçkün soydaşlarımızı YAP-ın yaradıcısı və sədri, Azərbaycan Prezidenti Heydər Əliyevin adından salamlamış, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə onlara xoş arzularını bildirmişdir. O qeyd etmişdir ki, hər cür çətinliyə və məhrumiyyətə mətanətlə dözən, möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin daxili və xarici siyasətini daim müdafiə edən məcburi köçkünlər hər cür diqqətə və qayğıya layiqdirlər.
Görüşdə iştirak edən YAP-ın icraçı katibinin müavini, Milli Məclisin deputatı Bahar Muradova, deputatlar Kərəm Əliyev, Səyyad Aran və Famil Məmmədov köçkünləri bayramlar münasibətilə təbrik etmiş, onlara tezliklə öz yurd-yuvalarına qayıtmalarını arzulamışlar.
Məcburi köçkünlər adından danışan Mikayıl Göyüşov onlara daim diqqət və qayğı göstərən, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün yorulmadan mübarizə aparan Prezident Heydər Əliyevə minnətdar olduqlarını bildirmişdir.
Əli Əhmədov İmişli dəmir yol stansiyasında vaqonlarda yaşayan köçkünlərin həyat şəraiti ilə tanış olmuş, onları narahat edən məsələlərlə maraqlanmışdır.
Sonra köçkünlərə bayram sovqatı paylanmışdır.
İcraçı katib Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatına da getmiş, burada iş şəraiti ilə yaxından tanış olmuş, partiya fəalları ilə görüşmüş, 2003-cü ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqərdar qarşıda duran vəzifələrdən danışmış, YAP üzvlərini respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək işində səyləri artırmağa çağırmışdır.