AZƏRTAC xəbər verir ki, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında 2005-ci ildə görülən işlərdən, yeni layihələrin icrasından, mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatında baş verən sürətli yüksəlişin respublikamızın su təsərrüfatının yaxşılaşdırılmasına da ciddi zəmin yaratmışdır. Ötən il dövlət büdcəsi vəsaiti hesabına Bakıda 10 min kubmetr tutumu olan su anbarı tikilmiş, 3,2 kilometr uzunluğunda su kəməri çəkilmiş, uzunluğu 19,7 kilometrlik kanalizasiya xətti yenidən qurulmuş, müasir tələblərə cavab verən 1 ədəd kanalizasiya təmizləyən qurğu istifadəyə verilmişdir. Bakı kəndlərinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə Mərdəkan və Şüvəlan qəsəbələrinə əlavə içməli su xətləri çəkilmiş, daxili imkanlar hesabına Ceyranbatan-Bakı magistral su kəmərinin 400 kilometrlik qəzalı hissəsi tam dəyişdirilmişdir. Sayğacların quraşdırılması normal sürətlə davam etdirilir.
SC-nin rəhbəri demişdir ki, görülən işlər nəticəsində Bakı şəhərinə verilən içməli suyun həcmi xeyli artırılsa da, abonentlərin kütləvi israfçılığı ucbatından ciddi problemlər yaranır. Paytaxtda həyətyanı sahəsi olan evlərdə israfçılıq halları xüsusilə çox müşahidə olunur, içməli sudan suvarma üçün istifadə edilir.
N.Rzayev onu da bildirmişdir ki, Bakı şəhərində əhaliyə verilən içməli suyun keyfiyyətinin beynəlxalq normalara uyğun olması Dünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənmişdir və əlaqədar dövlət təşkilatları bu məsələni gündəlik nəzarətdə saxlayır.
Hazırda Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin layihə işləri sürətlə gedir və 2006-cı ilin noyabr-dekabr aylarında tikintiyə başlanacaqdır.
Paytaxtımızda inşa edilən çoxmərtəbəli yaşayış binalarına içməli su verilməsində problem olmadığını xatırladan SC-nin prezidenti demişdir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, həmin binalardakı mənzillər tam sayğaclaşdırılandan sonra su təchizatı təmin edilir.
Mətbuat konfransında jurnalistlərin suallarına da cavab verilmişdir.