“YENİ AZƏRBAYCAN” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI
“Yeni Azərbaycan” qəzeti YAP sədrinin birinci müavini, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin Vaşinqtona sonuncu səfərinə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır.
Nəfis tərtibatda və yüksək poliqrafik keyfiyyətlə hazırlanmış buraxılışda İlham Əliyevin Con Hopkins Universitetinin və Amerika-Azərbaycan Ticarət Palatasının dəvəti ilə oktyabrın 19-dan 24-dək Birləşmiş Ştatlarda olarkən keçirdiyi görüşləri, oradakı çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri ardıcıllıqla təqdim edilmişdir.
ABŞ-ın siyasi elitasının güclü siyasətçi hesab etdiyi və perspektivinə inandığı İlham Əliyevin Konqresdəki, Pentaqon və Amerika-Azərbaycan Ticarət Palatasındakı görüşləri, Con Hopkins Universitetində və rəsmi qəbulda çıxışları, habelə CNN telekanalında müsahibəsi, xüsusən Ağ evdə ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə, ABŞ Milli Demokratiya İnstitutunun sədri, sabiq dövlət katibi Madlen Olbraytla görüşləri zamanı Azərbaycan gerçəkliklərini açıqlaması, Dağlıq Qarabağ probleminin həlli məsələsində Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə bağlı söylədiyi fikirlər barədə verilən məlumatlar səfərin əhəmiyyəti haqqında aydın təsəvvür yaradır.
Xüsusi buraxılış ictimai fikrin bu səfər haqqında səlist və obyektiv məlumatlanması, o cümlədən İlham Əliyevin beynəlxalq siyasi arenada Azərbaycanı növbəti dəfə ləyaqətlə təmsil etməsinin ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir.