REGİONLAR
Yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi Lənkəranda profilaktiki tədbirləri davam etdirir
Lənkəran, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən “Diqqət uşaqlar!” devizi altında profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb.
Bura yeni yol nişanlarının və işıqforların qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. Məqsəd nəqliyyat vasitələrinin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunmasıdır.