YENİ İMPLANTANT-CİHAZ PƏHRİZ SAXLAMADAN ARIQLAMAĞA KÖMƏK EDƏCƏKDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, həkimlər çəki artımına qarşı mübarizənin yeni üsulunu sınaqdan keçirirlər. Bu üsul pasiyentin “qidalanma vərdişlərini” dəyişmədən və ciddi pəhriz saxlamadan normal həyat tərzi keçirməsinə imkan verəcəkdir. Kalori istehlakının azaldılmasını təmin edən VBLOC elektron implantantı Amerikanın “EnteroMedics” şirkəti təqdim edir.
Kəmərə taxılan bu kiçik cihazdan çıxan bir cüt naqil insan dərisinin altına yeridilir və azan sinir üzərində bərkidilmiş elektrodlara qoşulur. VBLOC-un generasiya etdiyi 5 kilohers tezlikli zəif elektrik siqnalları sinir impulslarının ötürülməsinin qarşısını alır.
Bu cür müdaxilə hərtərəfli səmərə verir: əvvələn, “aclıq siqnalları” dəf edilir; ikincisi, yemək vaxtı beyinlə əlaqə olmadığından mədə genişlənmir və adi vəziyyətlə müqayisədə daha tez dolur; üçüncüsü, bu sinirin blokadası nəticəsində mədə şirəsinin ifrazı azalır və həzmin intensivliyi zəifləyir.
Yeni qurğu hər 5 dəqiqədən bir işə düşür və bir müddət fəal olur. Lakin pasiyentin aclıqdan heç bir əziyyət çəkmədən həmişəkindən az yeməyə başlaması üçün belə vaxtaşırı müdaxilə kifayət edir.
İmplantantın sınaqlarının birinci seriyasında bədənlərinə VBLOC yerləşdirilmiş onlarca pasiyentin hər biri izafi çəkisinin orta hesabla 29,1 faizini itirmişdir. Hazırda cihazın sınaqlarının həlledici mərhələsi başlanmışdır. Bu mərhələdə VBLOC artıq çəkidən əziyyət çəkən 300 pasiyent üzərində yoxlanacaqdır.
Piylənməyə qarşı mübarizənin yeni üsulunun əsas üstünlüyü ondan ibarətdir ki, bu əməliyyatın əks istiqamətə “döndərilməsi” tamamilə mümkündür: kiçik və zədəsiz əməliyyat nəticəsində sinir telləri üzərindəki bir cüt elektrodu və kəmərdəki cihaza qoşulmuş naqilləri asanlıqla çıxarmaq olar.
“EnteroMedics” şirkətinin mütəxəssisləri hazırda VBLOC cihazının təkmilləşdirilmiş versiyası üzərində işləyirlər. Bu versiyanı qida borusu vasitəsilə implantasiya etmək mümkün olacaq, nəticədə insan bədənində heç bir iz qalmayacaqdır.