YENİ SEÇİLMİŞ GÜRCÜSTAN PARLAMENTİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 7-də yeni seçilmiş 6-cı çağırış Gürcüstan parlamentinin ilk iclası keçirilmişdir. İclası Gürcüstan prezidenti Mixael Saakaşvili açaraq ölkənin qarşısında duran vəzifələrdən danışmış, qanunvericilik orqanı üzvlərinin xalqın etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə əmin olduğunu vurğulamışdır. Çoxmillətliliyin Gürcüstanın gücü, qüdrəti olduğunu deyən Prezident, əvvəlki çağırış parlamentin deputatlarına, 4-cü və 5-ci çağırış parlamentə sədrlik edən Nino Burcanadzeyə səmərəli fəaliyyətə görə təşəkkür etmişdir. M.Saakaşvili demişdir ki, xalq bizə səlahiyyət verib. Parlamentdə, münaqişə bölgələrindən başqa, bütün bölgələr təmsil olunub. Deputatlar qarşıda duran vəzifələrin həlli üçün çox işləməlidirlər. İndi bütün dünyanın nəzərləri Gürcüstana yönəlib, gürcü xalqı ötən payız böyük siyasi sınaqdan uğurla çıxdı. Mən bir daha xalqa müraciət edib demək istəyirəm ki, heç bir çətinliyə, təzyiqlərə baxmayaraq sizin etimadınızı doğruldacağıq. Məqsədimiz Gürcüstanın birliyi, Gürcüstanın gələcəyinin çox asılı olduğu islahatları uğurla həyata keçirməkdir.
Sonra ağsaqqal deputat İrakli Gencaşvili iclasa sədrlik etmişdir. Mandat komissiyası seçilmiş, Gürcüstan MSK-nın sədri Levan Tarxınişvili 6-cı çağırış Gürcüstan parlamentinə mayın 21-də keçirilmiş seçkilərin yekunları barədə məlumat vermişdir. Mandat komissiyası 150 deputatın səlahiyyətinin tanınmasını səsə qoymuş, yeni parlamentin səlahiyyəti yekdilliklə tanınmışdır.
MSK sədri deputatların Gürcüstana sədaqət andının mətnini oxumuş, deputatlar and içdikdən sonra himn səslənmiş, sonra parlament sədrinin seçilməsi prosesi başlanmışdır. Bu vəzifəyə hakim partiyanın seçki siyahəsinin 1 nömrəli namizədi David Bakradzenin namizədliyi irəli sürülmüşdür. Deputatlar yekdilliklə David Bakradzeni 6-cı çağırış parlamentə sədr seçmişlər.