Yeni Zelandiya məhkəməsi avstraliyalı terrorçu barədə ömürlük həbs cəzası hökmü verib
Tokio, 27 avqust, AZƏRTAC
Ötən il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə terror aktı törətmiş Avstraliya vətəndaşı Brenton Harrison Tarrant vaxtından əvvəl azad edilməmə şərti ilə ömürlük həbs cəzasına məhkum olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 27-də “The New Zealand Herald” qəzeti məlumat yayıb.
“Sizin cinayətiniz o qədər mənəviyyatsızdır ki, hətta sizi ölənə qədər həbsdə saxlasalar belə bu, tələb olunan cəzanı əvəz edə bilməz. Siz heç bir mərhəmət göstərməmisiniz. Siz sadəcə qatil deyil, həm də terrorçusunuz. Çünki Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etmisiniz”, - deyə hakim Kemeron Mander bildirib.
Xatırladaq ki, terror aktı zamanı 51 nəfər həyatını itirib, 38 nəfər isə yaralanıb.
Hökm elan edildikdən sonra B.Tarrant ictimai vəkil vasitəsilə buna qarşı heç bir etirazının olmadığını bildirib.
Yeni Zelandiyanın Baş Naziri Caşinda Ardern məhkəmənin hökmünü alqışladığını bildirib və B.Tarrantın cinayətinin “dəhşətli və hər cür nifrətə layiq” olduğunu deyib.
Yeni Zelandiya Nazirlər Kabinetinin B.Tarrantın cəzasını çəkmək üçün vətəni Avstraliyaya deportasiyası barədə qərar qəbul edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio