REGİONLAR
Yevlax rayon Xaldan kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
Yevlax, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Yevlax rayonu Xaldan kənd tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əli Hüseynli və İlham Məmmədov, təhsil işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Sonra qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. 960 şagird yerlik məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, kitabxana, akt zalı, idman zalı və bufet yaradılıb. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.
2022-2023-cü tədris ilində təhsil müəssisəsində 544 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 48 nəfər pedaqoji işçi çalışır.
Birinci sinif şagirdlərinə “Bizim böyük Qələbəmiz” kitabı paylanıb.
Həmin gün Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasına da baxış keçirilib. İki mərtəbədən ibarət olan bağça 105 yerlikdir, burada 6 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.