Yevlaxda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 8 may, AZƏRTAC
Yevlax Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırırlar. Sosial müavinətlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edən hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət edilməsi tövsiyə olunub. Sakinlərə sosial məsafənin hər kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə maarifləndirici səpkidə söhbətlər aparılıb və tibbi maskalar paylanıb.