Yığmamız Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Dağıstanın Levaşi rayonunda keçirilən Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə gənclər arasında birinci beynəlxalq turnirdə Azərbaycan yığması ikinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın 8 üzvü böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Siracuddin Eldarovun rəhbərliyi ilə turnirdə iştirak edib. Yarımqrupu ilk sırada başa vuran millimiz finalda Dağıstan yığmasına 2:6 hesabı ilə məğlub olaraq turniri ikinci sırada tamamlayıb.
Beləliklə, Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilovdan (120 kq) ibarət komandamız turnirin gümüş medalına sahib olub.
Bundan başqa, yığma komandamızın üzvü Əfqan Xaşalov (55 kq) “ən yaxşı texnikalı güləşçi” nominasiyasında kubokla təltif edilib.