Yoğun bağırsaq xərçənginin başlanğıc dövrü nəzərə çarpmır
Bakı, 4 fevral, AZƏRTAC
Yoğun bağırsaq şişləri xoşxassəli və bədxassəli olmaqla iki növə bölünür. Xoşxassəli şişlərə poliplər, hemangiomalar, nevrinomalar, fibromalar, limfangiomalar və s. bədxassəli şişlərə isə yoğun bağırsaq xərçəngi, leomiosarkoma və retikulosarkomalar aiddir. Xoşxassəli şişlərdən poliplərə, bədxassəlilərdən isə xərçəngə daha çox rast gəlinir.
Poliplər bağırsaq mənfəzinə doğru inkişaf edən adenom yaxud adenopapillom quruluşlu və diametri 1-1.5 santimetrə qədər olan törəmələrdir. Poliplər çoxsaylı təsirlər və qıcıqlanmalar nəticəsində yaranır. Polipozun daha çox rastgəlinmə səbəbi xroniki kolit, xüsusən də dizenteriya və amöb mənşəli kolitlər hesab olunurlar.
Bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
Mütəxəssis bildirib ki, yoğun bağırsaq xərçəngi əsasən çoxsaylı poliplərdən inkişaf edir və daha çox, yəni 70-80 faiz düz bağırsaqda , həmçinin siqmavari və kor bağırsaqda lokallaşır. Mədə xərçənginə nisbətən az hallarda və gec metastazlar yaranır. Poliplər kliniki olaraq qarında ağrı, qəbizlik, düz bağırsaqdan selikli, selikli-qanlı ifrazatın olması, bəzən qalça nahiyələrində əzələ gərginliyi və bərkləşmə ilə təzahür edir. Xəstələrin əksəriyyətində heç bir şikayət olmur və poliplər irriqoskopiya, rektoromonoskopiya və kolonoskopiya zamanı təsadüfən aşkarlanır.
"Yoğun bağırsaq xərçənginin başlanğıc dövrü nəzərə çarpmır. Şiş inkişaf etdikcə qarında köp, ağırlıq hissi, ürəkbulanma, iştahasızlıq, qida qəbulundan 3-4 saat sonra qarında güclü qurultunun yaranması, qarında ağrı, ishalla növbələşən qəbizlik, qanlı nəcis ifrazı, daha sonralar isə bağırsaq keçməzliyi, ümumi intoksikasiya əlamətləri, anemiya ilə təzahür edir.
Xəstəlik ağırlaşmaya meyillidir. Poliplər qanaxma, hissəvi bağırsaq keçməzliyi, anemiya, üzülmə, xərçəngə çevrilmə ilə ağırlaşır. Xərçəng isə bağırsaq keçməzliyi, bağırsaq deşilməsi, fistulların yaranması və qonşu orqanlara yayılması ilə fəsadlaşır.
Poliplərin müalicəsi xərçəngə çevrilmənin qarşısının alınmasına istiqamətlənir. Endoskopik müayinənin gedişində poliplər ektomiya olunur və ya elektrokoaqulyasiya edilir.
Yoğun bağırsaq xərçənginin müalicəsi cərrahi yolla və yaxud kombinəolunmuş şəkildə, yəni cərrahi üsul, kimyaterapiya və şüa terapiyası birgə aparılır".
A.Verdiyevin sözlərinə görə, ola bilər ki, poliplər uzun müddət simptomsuz gedişə malik olsun və ya proqressivləşməsin. Lakin qeyd etmək lazımdır ki, adenomatoz poliplər xərçəngönü vəziyyət hesab olunur. Polipektomiyadan sonra xəstələr yaxın 5 il ərzində həkim nəzarətində olmalıdırlar.
Profilaktik tədbirlər yoğun bağırsağın qıcıqlanmasına şərait yaradan patoloji vəziyyətlərin aradan qaldırılmasına, proktosiqmoidit, kolit, xoralı kolit və polipoz kimi xərçəngönü xəstəliklərin müalicəsinə, qəbizliklə mübarizəyə yönəldilməlidir.