DÜNYA
YOHANNESBURQDA SABİT İNKİŞAF ÜZRƏ ÜMUMDÜNYA SAMMİTİ AÇILMIŞDIR
Avqustun 26-da Yohannesburq yaxınlığındakı Sendton qəsəbəsində sabit inkişaf üzrə ümumdünya sammiti açılmışdır. Sammitin işində dünyanın 189 ölkəsindən, o cümlədən Azərbaycandan, dörd mindən artıq nümayəndə iştirak edir. BMT-nin himayəsi ilə keçirilən bu genişmiqyaslı forumda hökumətlər, qeyri-hökumət təşkilatları və işgüzar dairələrin nümayəndələri təmsil olunmuşdur.
Sabit inkişaf konsepsiyası bir sıra vəzifələrin həll olunmasını tələb edir. Sammit iştirakçıları yer kürəsi əhalisinin artdığı bir şəraitdə təbii ehtiyatların qorunub saxlanmasının təmin edilməsi yollarını müzakirə etməlidirlər. Əhalinin çoxalması ərzaq məhsullarına, yaşayış obyektlərinə, sanitariyaya, enerjiyə, tibbi yardıma və iqtisadi təhlükəsizliyə tələbatı daim artırır. Sabit inkişaf ölkələr qarşısında istehsal strukturlarına və istehlaka yenidən baxmaq, ekoloji cəhətdən sabit iqtisadi artım xətti yeritmək, texnologiyalar və ehtiyatlar sahəsində təcrübə mübadiləsində geniş beynəlxalq əməkdaşlıq etmək vəzifəsi qoyur.
Sammitin sədri, CAR prezidenti Tabo Mbeki açılış mərasimində çıxış edərək bildirmişdir ki, Yohannesburq toplantısının əsas vəzifəsi iqtisadi inkişaf konsepsiyasını həyata keçirmək yolu ilə yer kürəsi əhalisinin həyatını yaxşılaşdırmaq üçün əməli tədbirlər işləyib hazırlamaqdır.
Rio-de-Janeyroda keçirilmiş “Yer kürəsi” sammitindən ötən 10 il ərzində “XXI ərs üçün gündəlik” proqram sənədi müddəalarının yerinə yetirilməsi sahəsində tədbirlər görülmüşdür. Lakin həmin sənədin əsas istiqamətləri üzrə nəzərəçarpacaq irəliləyiş olmamışdır. Beynəlxalq birlik hələ də öz üzərinə götürdüyü könüllü öhdəlikləri yerinə yetirməyə cəhd göstərməmişdir.
Dünya ölkələri “XXI əsr üçün gündəlik” qəbul edərək, sosial-iqtisadi inkişafı ətraf mühitin mühafizəsi ilə inteqrasiya etməyə razılaşmışlar ki, bu da planetin sabit gələcəyini təmin edəcəkdir. Tabo Mbeki demişdir ki, hazırda yeni proqramlara ehtiyac yoxdur. Milyardlarla insan zirvə toplantısının nümayəndələrindən həmrəyliyə sədaqətli olmağı gözləyir. Onlar ümid edirlər ki, sammit iştirakçıları “ən güclülər sağ qalır” prinsipinə əsaslanan inkişaf yolunu rədd edəcəklər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, CAR-ın prezidenti əmin olduğunu bildirmişdir ki, sammit sabit inkişaf arzularının həyata keçirilməsinə imkan verən Yohannesburq planını bəyənəcəkdir.