YOL-NƏQLİYYAT HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şəmkir rayon sakini Yaşar Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilən “jiquli”nin sürücüsü orada ölmüşdür.
Lerik rayonunun Hamarat kəndi ərazisində Tikəband kənd sakini Nadir Hacıyev idarə etdiyi ”UAZ” markalı avtomaşını aşırmışdır. N.Hacıyev hadisə yerində ölmüşdür.
Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində, Hüsülü kənd sakini İlqar Cəfərov sürdüyü “VAZ-21124” markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə İ.Cəfərovun sərnişini - oğlu Vüqar hadisə yerində ölmüş, xəsarət almış sürücü, arvadı Almaz, oğlu Babək xəstəxanaya yerləşdirilmişlər.
Salyan rayonunun Qarabağlı kəndi ərazisində kənd sakini İlkin Mikayılovun idarə etdiyi “BMW” markalı və Şəkərli kənd sakini Zamiq Salmanova məxsus “QAZ-2410” markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış Z.Salmanov və sərnişini Xəyyam Əliyev xəstəxanaya yerləşdirilmişlər. Sərnişinin həyatını xilas etmək mümkün olmamışdır.
Nərimanov rayonu ərazisindəki H.Əliyev prospektində Əhmədli qəsəbə sakini Nurəddin Mehdiyev idarə etdiyi “Daewoo” markalı avtomaşınla Bakı şəhər sakini Əkrəm Neymətovu vurmuşdur. Nəticədə Ə.Neymətov hadisə yerində ölmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.