Yubiley töhfəsi: Milli Dram Teatrında “Kral Lir”in premyerası
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında benefis tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.
"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.
Tamaşa mayın 13-14-də teatrın səhnəsində təqdim olunacaq.