Yukiya Amano: İran nüvə ilə bağlı öhdəliklərini həyata keçirir
Vyana, 9 may, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru İranın nüvə proqramına dair “altılıq” (BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) ölkələri, Avropa İttifaqı və İran arasında bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (İranın nüvə proqramını dinc məqsədlər üçün istifadəsinə dair saziş) ilə bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda BAEA-nın Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə bağlı hadisələrin inkişafını diqqətlə izlədiyi qeyd olunur. Bildirilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən tələb olunduğu və 2015-ci ildə BAEA-nın İdarə Heyəti tərəfindən razılıq verildiyi kimi, BAEA bu saziş çərçivəsində İranın nüvə sahəsində öhdəliklərini həyata keçirməsinə nəzarət edir və yoxlamalar aparır.
Bəyanatda həmçinin qeyd edilib ki, İran bu saziş çərçivəsində dünyada nüvə verifikasiyası üçün ən ciddi qaydalar rejimi altındadır: “Bu gündən etibarən BAEA təsdiqləyə bilər ki, İran nüvə ilə bağlı öhdəliklərini həyata keçirir”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana