YUNANISTANIN BALET TRUPPASI BAKIDA ÇIXIŞ EDƏCƏK
Yunanıstanın “Sxediya” müasir balet ansamblının iyulun 31-də Milli Parkda başlanacaq çıxışları ilə əlaqədar bu ölkənin səfirliyində mətbuat konfransı keçirilmişdir. Səfir Merkurios Karafotias bildirdi ki, səfirliyin Bakı meriyası ilə birgə təşkil etdiyi bu ilk tədbir 2004-cü ildə Afinada keçiriləcək Olimpiya oyunlarına həsr olunmuş mədəniyyət proqramı çərçivəsində həyata keçirilir. O, bu təşəbbüsü dəstəklədiyinə görə şəhər icra hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirərək dedi ki, ansamblın rəhbəri ölkədə və onun hüdudlarından kənarda tanınan xoreoqraf Anastasiya Liradır.
Ansambl 4 gün ərzində Şekspirin “Yay gecəsində yuxu” pyesinin motivləri əsasında Mendelsonun bəstələdiyi xoreoqrafik fantaziyanı bakılılara təqdim edəcəkdir. Xanım Lira jurnalistlərə bildirdi ki, onun rəhbərlik etdiyi ansambl 1996-cı ildə yaradılmışdır və truppada kubalı rəqqaslar da vardır. Ansambl indiyədək Moskvada, Sankt-Peterburqda və Tbilisidə öz sənətini nümayiş etdirmişdir.
Mətbuat konfransında iştirak edən paytaxt meriyası xarici əlaqələr departamentinin nümayəndəsi Əbdül Məmmədov dedi ki, indiki tədbir Azərbaycanla Yunanıstan arasında mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı zəmindir. Sentyabrda müvafiq ikitərəfli sazişin imzalanacağı da gözlənilir.
Səfir Merkurios Karafotias humanitar sahədə əməkdaşlıq məsələsinə toxunaraq vurğuladı ki, hazırda ölkələrimizin ali məktəblər arasında əlaqələri fəal surətdə inkişaf edir. Səfirlik Afina Olimpiadası ərəfəsində olimpiya həftəsi keçirməyi nəzərdə tutur.