YUNİSEF-İN 60 İLLİYİ QEYD OLUNMUŞDUR
Əvvəlcə Fondun 60 illik fəaliyyətindən bəhs edən film göstərilmişdir.
Azərbaycan Baş nazirinin müavini ELÇİN ƏFƏNDİYEV iştirakçıları yubiley münasibətilə təbrik edərək demişdir:
-YUNİSEF bu yubileyini alnıaçıq və üzüağ qarşılayır. Təşkilat İkinci Dünya müharibəsinin qurtardığı bir vaxtda yaradılmışdır. İndiyədək YUNİSEF-in dünyanın müxtəlif ölkələrində gördüyü işlər bu qurumun nə qədər zəruri və nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etmişdir. Onun layiq görüldüyü Nobel mükafatı da bunu əyani şəkildə sübuta yetirir.
Mən bu təşkilatın məqsəd və niyyətlərini reallığa çevirən insanları, YUNİSEF-in işçilərini, onlarla əməkdaşlıq edən mütəxəssisləri, könüllüləri və hər bir şəxsi alqışlayır, nəcib işlərində uğurlar diləyirəm.
YUNİSEF Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İnsan hüquqlarının, ilk növbədə, əlbəttə, uşaq hüquqlarının bərqərar olması üçün öz dəstəyini heç zaman əsirgəməmişdir. Müharibədən zərər çəkmiş və onun acı nəticələrini bilavasitə öz üzərində hiss etmiş uşaqlara yardım göstərməkdə YUNİSEF böyük təcrübə qazanmışdır. Budur, təşkilat artıq 18 ildir ki, müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi Ermənistan tərəfindən zəbt edilən Azərbaycanda qaçqın, məcburi köçkün qadın və uşaqların problemlərinin həll olunması, onların həyati tələbatlarının ödənilməsi, təhsil alması, gələcəkdə cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşması üçün respublika hökumətinin səylərinə böyük kömək göstərir.
Bu bir həqiqətdir ki, Yer üzərində yaşayan bütün uşaqlar eyni dildə ağlayır və onların çəkdiyi əzab-əziyyətlər irqindən, milliyyətindən, yaşadığı yerdən, dinindən asılı olmayaraq, ürəyində mərhəmət hissi olan hər bir insanı qəlbən incidir, narahat edir. Bu mənada YUNİSEF-in verdiyi töhfə, əlbəttə, əvəzsizdir. Ölkəmizdəki qaçqın və məcburi köçkün kimi yaşayan uşaqların vəziyyəti haqqında məlumatların dünya birliyinə çatdırılması işində YUNİSEF-in Azərbaycandakı ofisinin böyük xidmətləri olmuşdur.
Təşkilatın fəaliyyətinə ölkəmizdə daim diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev YUNİSEF tərəfindən təşkil olunmuş tədbirlərdə bilavasitə iştirak etmiş və bu təşkilatın Azərbaycan uşaqlarının hərtərəfli inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirmişdir. Azərbaycanda təşkilatın əldə etdiyi nailiyyətlər ölkəmizin poliomielitdən xilas edilməsində, ölümlə nəticələnən bir sıra xəstəliklərin qarşısının alınmasında, orta təhsil səviyyəsində, təhsil standartlarının işlənib hazırlanmasında və digər çox mühüm məsələlərdə öz əksini tapmışdır. Ötən il YUNİSEF-in Azərbaycandakı ölkə proqramı, dövlət təşkilatları ilə birlikdə işlənmiş və hökumət tərəfindən imzalanmışdır. 2009-cu ilədək nəzərdə tutulmuş bu proqramda YUNİSEF-in ümumiyyətlə gördüyü işlərin istiqaməti kimi insan potensialının zənginləşməsinə yönəlmiş inkişaf prinsipləri əsas götürülmüşdür. Bütün bunlar isə Azərbaycanda Minilliyin məqsədlərinə, yəni uşaqların inkişafı ilə bağlı irəliləyişi sürətləndirməyə yönəlmiş, uşaqlar üçün yararlı dünya qurulmasına xidmət edir.
Sözsüz ki, problemlər də mövcuddur. Ancaq onların öhdəsindən gəlmək üçün ölkəmizin həm iqtisadi, həm də insan potensialı vardır. Son illər Azərbaycanın iqtisadi nailiyyətləri, uşaq problemlərinin, uşaq hüquqlarının qorunmasına ən yüksək səviyyədə, bilavasitə Prezident İlham Əliyev səviyyəsində diqqət yetirilməsi bu problemlərin tam şəkildə həll olunacağına inam yaradır. Bununla əlaqədar YUNİSEF-in Heydər Əliyev Fondu ilə əməkdaşlığını da xüsusi qeyd etmək istəyirəm. Bu Fondun yarandığı gündən təhsil və səhiyyə, mədəniyyət və insan hüquqları sahəsindəki fəaliyyəti çox dəyərlidir. YUNİSEF ilə Fondun birgə həyata keçirdiyi Deinstitulizasiya layihəsi olduqca əhəmiyyətlidir. Belə ki, ana-ata qayğısından məhrum olmuş uşaqların ailə mühitində böyüməsi üçün şərait yaradılacaq, belə uşaqların təhsil-tərbiyə işlərinə bütün cəmiyyət səfərbər ediləcəkdir.
Mən bir daha sizin hamınızı YUNİSEF-in bu əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, təşkilatın ölkəmizdəki çox səmərəli fəaliyyətinə yeni uğurlar arzulayıram.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer təşkilatın 60 il ərzində gördüyü işlərə qısa nəzər salmış, dünyanın müxtəlif bölgələrində fəaliyyəti ilə bağlı təəssüratlarını danışmış və Azərbaycanda həyata keçirilmiş layihələr barədə məlumat vermişdir. O, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin həm Prezident İlham Əliyev, həm də ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən dəstəkləndiyini xüsusi vurğulamışdır.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YUNİSEF-in 60 illik yubileyi münasibətilə göndərdiyi təbrik məktubu oxunmuşdur.
Sonra xalq artisti Azər Zeynalovun, əməkdar artist Murad Adıgözəlzadənin, Uşaq Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayevdir), uşaq musiqi məktəbləri şagirdlərinin iştirakı ilə konsert olmuşdur. Konsertdə Üzeyir Hacıbəyovun, Pyotr Çaykovskinin, Şopenin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Musa Mirzəyevin və başqalarının əsərləri səslənmişdir.
Yubiley tədbiri ziyafətlə başa çatmışdır.