YURDUMUZA BAHAR GƏLİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV UŞAQLARIN NOVRUZ ŞƏNLİYİNDƏ İŞTİRAK ETMİŞDİR
Martın 19-da “Respublika” sarayında Bakı şəhərindəki uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.
Müasir Təhsil Kompleksinin ilin axır çərşənbəsi münasibətilə təşkil etdiyi bayram şənliyinə toplaşmış bütün uşaqlara Azərbaycan Respublikasının Prezidenti adından bayram sovqatı paylandı.
Azərbaycan Prezidenti Heydər Əliyev bayram şənliyində iştirak etmək üçün saraya gəldi.
Balaca uşaqlar sevimli, əziz Heydər babanı sarayın önündə xeyir-bərəkət, bolluq, bahar rəmzi olan səməni ilə qarşıladılar, gül dəstəsi təqdim etdilər və onu xalqımızın bu ulu bayramı münasibətilə təbrik etdilər, ən xoş arzularını çatdırdılar.
Bayramsayağı bəzədilmiş salona toplaşan uşaqlar dövlətimizin başçısını böyük sevinclə, hərarətli alqışlarla salamladılar.
Prezident Heydər Əliyev şənliyin bütün iştirakçılarını Novruz bayramı münasibətilə ürəkdən təbrik etdi.
İki mindən çox uşağın iştirak etdiyi bayram tədbirində Təhsil Kompleksinin özfəaliyyət kollektivinin, burada təhsil alan istedadlı şagirdlərin ifasında səslənən rəngarəng musiqi nömrələri, şən mahnılar, milli rəqs nümunələri bir-birini əvəz etdi. Uşaqlar Bahar bayramının ənənəvi iştirakçıları olan Kosa və Keçəlin məzəli sərgüzəştlərini maraqla dinlədilər, Bahar qızının incə rəqsinə tamaşa etdilər. Onları əllərində səməni və bayram şirniyyatı ilə dolu xonçalarla çıxış edən rəqqaslar əvəz etdilər. Bayram şənliyində baharı, vətəni, əməyi tərənnüm edən, su, od, külək və torpaq çərşənbələrinə aid şerlər səsləndi, balaca idmançılar öz məharətlərini göstərdilər.
Təhsil Kompleksinin uşaq bağçasında tərbiyə alan balacaların nümayiş etdirdikləri yaz geyim modaları da salondakıların böyük marağına səbəb oldu və sürəkli alqışlarla qarşılandı.
Uşaqlar Heydər babanı Bahar bayramı münasibətilə bir daha təbrik etdilər, ona cansağlığı, uzun ömür arzuladılar.
X X X
Novruz şənliyində təhsil naziri Misir Mərdanov, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur