Yüzdən çox Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərilib
Bakı, 23 may, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırılması davam edir.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.
Bu ilin yanvar-aprel ayları ərzində BMqT-nin dəstəyi ilə 539 nəfər Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər Moldovadan (460 nəfər), Almaniyadan (53 nəfər), Niderland Krallığından (9 nəfər), Avstriyadan (9 nəfər), Latviyadan (6 nəfər), Belarusdan (1 nəfər) və Rumıniyadan (1 nəfər) olub.
KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 147 nəfər yardımlardan faydalanıb.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 147 nəfərdən 43 nəfərə nağd, 102 nəfərə qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində könüllü olaraq geri qayıdan şəxslərə müvəqqəti mənzil təminatı, kiçik biznesin qurulması, maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), tibbi yardım və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.