Zaqatalada 101 nəfər könüllü qan verib
Zaqatala, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında iyulun 19-da təşkil edilən növbəti qanvermə aksiyasında 101 nəfər könüllü iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.