ZAQATALADA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də Zaqatala şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev respublikamızın rəhbərinə məlumat verərək dedi ki, şirkətin vəsaiti ilə şəhərin səfalı yerində tikiləcək mərkəz dördmərtəbəli binadan ibarət olacaqdır. Onun istifadəyə verilməsindən sonra müəyyən xəstəliklərin müalicəsi üçün Bakıya və ya qonşu Gürcüstana getməyə ehtiyac qalmayacaqdır. Burada cərrahiyyə, reanimasiya şöbələri də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, istilik mərkəzi, avtomobil dayanacağı olacaq, istirahət guşəsi yaradılacaqdır.
Prezident İlham Əliyev mərkəzin baş planı ilə tanış oldu, yerli kadrlardan da istifadə edilməsinin, onlara yüksək maaş verilməsinin zəruriliyini vurğuladı. Buranın gözəl havasının da xəstələrin müalicəsi üçün faydalı olacağını söylədi. Bildirdi ki, bütün lazımi infrastrukturun yaradılması sayəsində bu bölgədə sakinlərin normal fəaliyyəti və yaşaması üçün hər cür şərait olacaqdır.
Prezident İlham Əliyev gilizi binanın təməlinə qoydu və ilk beton qarışığını atdı.