Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası aparılıb
Bakı, 8 may, AZƏRTAC
Zaqatala rayonunda “ASAN xidmət” və “Sağlam ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı rayonun 600-ə yaxın sakini ödənişsiz peşəkar həkim müayinələrindən yararlanıb.
Aksiyanın əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği, o cümlədən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Tibbi müayinə tədbirlərinin Səyyar “ASAN xidmət”in olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.