Zaqatalada “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövzusunda tədbir keçirilmişdir
Zaqatala, 8 noyabr (AZƏRTAC). Zaqatala rayon Məşğulluq Mərkəzində “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, Mərkəzin mütəxəssislərinin məlumatları və işəgötürənlərin təklifləri dinlənilmişdir.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası Zaqatala rayonunda da əhalinin məşğulluğunun təmin olunması üçün geniş imkanlar açmışdır. Hazırda Məşğulluq mərkəzlərinin qarşısında duran ən əsas vəzifələrdən biri bu imkanlardan geniş istifadə olunmaqla sosial tərəfdaşlarla birgə məşğulluq tədbirlərinin daha səmərəli təşkil olunmasını təmin etməkdir.
Tədbirin sonunda işəgötürənlərə məşğulluqla bağlı bukletlər və metodiki vasitələr paylanmışdır.