Zaqatalada yaşayan Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilmişdir
Zaqatala, 25 fevral (AZƏRTAC, Mustafa Dadaşov). Bəşər tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsindən 22 il ötür.
AZƏRTAC xəbər verir ki, xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar fevralın 25-də Zaqatala şəhərində ümumrayon anma mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək düzmüş, rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “XX əsrin ən qanlı faciəsi - Xocalı” mövzusunda məruzəsində erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən ətraflı bəhs etmiş, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırmışdır. Bildirilmişdir ki, öz miqyasına və dəhşətlərinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar soyuq və şaxtalı fevral gecəsində özlərini qəhrəman kimi aparmış, təpədən-dırnağa qədər silahlanmış erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, şücaət göstərərək, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkən natiq, hazırda Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Xocalı rayonu üzrə səlahiyyətli nümayəndə Vaqif Allahverdiyev çıxış edərək məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda rayonda məskunlaşmış Xocalı sakinləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Həmin gün rayon rəhbərliyi Zaqatalada yaşayan Xocalıdan olan məcburi köçkün ailələri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmış, ailələrə maddi yardım göstərilmişdir.