ZAQATALADA YENİ ÇAY FABRİKİ DAXİLİ BAZARA MƏHSUL ÇIXARIR
Müəssisənin direktoru, əslən Şuşadan olan məcburi köçkün Vaqif Allahverdiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, “AB-fin” şirkəti “Most-Sənaye” MMC-nin maliyyə köməyi ilə istifadəyə verilmiş bu fabrik üçün müvafiq binanın alınmasına, onun Avropa standartları səviyyəsində təmir olunmasına, yeni, müasir texnoloji avadanlığın quraşdırılmasına 100 min ABŞ dolları həcmində sərmayə qoymuşdur.
Layihə üzrə gündə 3 ton yaşıl çay yarpağı emal etmək imkanına malik olan yeni fabrik xammal çatışmazlığı üzündən hələlik tam gücü ilə fəaliyyət göstərə bilmir. Bu çətinliklərə baxmayaraq, yeni müəssisədə indiyə qədər 17 ton yaşıl çay yarpağı emal edilmiş, 4 ton çay istehsal olunmuşdur. 2004-cü ildən başlayaraq fabrikdə hazır çay məhsulunun qablaşdırılmış şəkildə bazara çıxarılması nəzərdə tutulmuşdur.
Hazırda fabrikdə 30 nəfər işçi çalışır. Onların orta aylıq əmək haqqı iki yüz min manatdır. İstehsal prosesinin genişləndirilməsi gələcəkdə müəssisədə yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.
Yeni müəssisənin maliyyə imkanları hesabına qəsəbəyə elektrik
enerjisinin fasiləsiz verilməsi təmin olunmuş, daxili imkanlar hesabına bir artezian quyusu təmir edilmiş, 500 metr uzunluğunda yeni su xətti çəkilmişdir.