Zaqatalalı gənclərə aqrar sahədə təhsil və peşə imkanları barədə məlumat verilib
Zaqatala, 12 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəki-Zaqatala regional nümayəndəliyi, YAP Zaqatala rayon təşkilatı və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Aqrar inkişaf trendləri və gənclərin rolu” mövzusuna həsr olunmuş “CareerLAB” forumu keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Şəki-Zaqatala regional nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, forumun açılış mərasimində YAP Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə Hacıyeva, GİKM Şəki-Zaqatala regional nümayəndəliyinin koordinatoru İlkin Həbilov çıxış edərək, aqrar sahənin inkişaf perspektivləri, gənclərin bu sahədə rolunun artırılması və regionlarda yaradılan imkanların əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Forumun panel müzakirəsi zamanı Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdirləri Arif Muradov və Mübariz Şabanov, həmçinin mərkəzin baş məsləhətçisi Nəzakət Bədəlova tərəfindən müasir aqrar yanaşmalar, kənd təsərrüfatında innovativ həllər, əmək bazarında tələb olunan bacarıqlar və gənclərin aqrar sektorda karyera imkanları barədə məlumat təqdim olunub. Eyni zamanda, gənclərə aqrar sahədə təhsil və peşə imkanları, düzgün ixtisas seçimi, regionlarda həyata keçirilən layihələr və bu imkanlardan səmərəli istifadə yolları barədə də məlumat verilib.
Forum interaktiv müzakirələrlə davam etdirilib, fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Müxbir – Mustafa Dadaşov