Zaqatalalılar ulu öndər Heydər Əliyevin xatirəsini daim uca tuturlar
Zaqatala, 10 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mayın 10-da Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parka gələrək dahi rəhbərin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransın əvvəlində ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “Daim zirvədə olan dahi şəxsiyyət” mövzusunda məruzə etmişdir. Natiq bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışmış, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır. Məruzəçi dahi şəxsiyyətin əsasını qoyduğu uğurlu sosial-iqtisadi və siyasi xəttin hazırda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, sosial-iqtisadi sahədə, regionların iqtisadi inkişafında böyük irəliləyişlərə nail olunduğunu xüsusi vurğulamışdır.
Konfransda rayon prokuroru İlham Həsənəlizadənin “Heydər Əliyev vətəndaş hüquq və azadlıqlarının təminatçısıdır”, YAP Zaqatala rayon Gənclər təşkilatının sədri Ramin Həsənovun “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Heydər Əliyev Mərkəzinin direktoru Könül Abdulovanın “Yaşayan tarix” mövzularında məruzələri dinlənilmişdir.
Sonra rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli liderin adını daşıyan parkda təşkil olunan “Gül bayramı”nda iştirak etmiş, ayrı-ayrı idarə və təşkilatların, təhsil müəssisələrinin güldən hazırladıqları kompozisiyalara baxmışlar.
Ümumrayon tədbiri bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatmışdır.
######
