Zəfər Günü ərəfəsində vətəndaşlar Azərbaycan Ordusunun hərbi qulluqçularına məktub ünvanladılar
Bakı, 4 noyabr, AZƏRTAC
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti aksiya təşkil edib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin tədbirlər planına əsasən 8 Noyabr - Zəfər Günü münasibətilə Qəzənfər Musabəyovun adını daşıyan parkda keçirilən aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyini deyən İctimai Birliyin Yasamal rayon təşkilatının sədri, Yasamal Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Bəhram Şeydayev əldə edilən möhtəşəm Qələbə sayəsində xalqımızın dünyaya qalib xalq kimi səs saldığını diqqətə çatdırıb.
O, tədbirin məqsədindən bəhs edərək deyib: "Zəfər Günü ərəfəsində keçirilən "Əsgərə məktub" aksiyası Azərbaycan Ordusunun zabit və əsgər heyətinə dəstək məqsədi daşıyır. Məktubda yazılacaq ürək sözlərimizlə hərbi qulluqçularımızda ruh yüksəkliyi oyatmaq, onları Vətənin keşiyində ayıq-sayıq olmağa səsləmək niyyətindəyik. Bu torpaqların hər qarışında şəhidlərimizin qanı var. Hər addımda Vətən oğulları öz izlərini qoyublar. 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü günlərində Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaltdığı üçrəngli bayraq xalqımıza böyük sevinc bəxş etdi. Zəfər zəfərə qarışdı. Bütün dünya Azərbaycan xalqının işğalla barışmadığını, öz canından, qanından keçərək ərazi bütövlüyünü bərpa etdiyini gördü. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Hər birimiz onların bizə əmanət qoyub getdiyi torpaqları göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdırmalıyıq".
Tədbirdə çıxış edən müharibə veteranları, şəhid ailəsinin üzvləri Vətən torpağı uğrunda canından keçmiş qəhrəmanların qanının yerdə qalmadığını, ərazi bütövlüyümüzün bərpa olunması ilə onların da ruhunun dinclik tapdığını deyiblər.
Sonra aksiya iştirakçıları Azərbaycan Ordusunun hərbi qulluqçularına məktub yazıblar.