Zəfər Günü ilə əlaqədar paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə paytaxtın bəzi küçə və prospektlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub. Zəfər Günü ilə əlaqədar keçiriləcək yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru - Hərbi Qənimətlər Parkına qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət prospekt və küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlişi, Bayıl qəsəbəsindəki daxili küçələrlə hərəkət edərək Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxışı nəzərdə tutulub.
Qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Həmin gün vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməmələri xahiş olunur.