Zəfər Gününə həsr olunmuş ASAN İnnovativ Həllər Hakatonu təşkil edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın könüllüləri arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qarabağ üçün əl-ələ" adlı ASAN İnnovativ Həllər Hakatonu təşkil edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Könüllü Təşkilatları İttifaqı” və “ASAN Könüllüləri"nin birgə təşkilatçılığı ilə keçirilən tədbir Qarabağın yenidən qurulması istiqamətində könüllülərin, gənclərin yeni ideya və həllərini ortaya çıxarmaq, onları bir araya gətirmək məqsədilə təşkil olunub.
Hakatonda 15 könüllü və gənclər təşkilatını təmsil edən 60 könüllü, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB könüllüləri iştirak ediblər. Hakaton çərçivəsində könüllülər bir sıra mərkəzlərin fəaliyyəti ilə tanış olub, sahə üzrə ekspertlərin iştirakı ilə keçirilən panel görüşlər və təlimlərdə iştirak ediblər.
Könüllülər, həmçinin Qarabağın yenidən qurulması istiqaməti üzrə ideya müsabiqəsinə qatılıblar. KOB könüllülərinin “Qarabağ atları” (“Karabakh horse”) layihəsi müsabiqədə 2-ci yerə layiq görülüb. Layihə Qarabağ atlarının təbliğinə, özünüməşğulluğa və yerli məhsulların satışına dəstək üzrə 3 komponenti özündə birləşdirən mobil tətbiqin yaradılmasını nəzərdə tutur. Müsabiqədə I yerin qalibi “SOCAR könüllüləri”, III yerin sahibi isə “RİİB könüllüləri” olub.