Zərdabda Zəfər gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgi açılıb
Zərdab, 7 noyabr, AZƏRTAC
Zərdabdakı Heydər Əliyev parkında 8 Noyabr - Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərginin açılışı olub. Sərgidə rəsm və əl işləri həvəskarlarının, o cümlədən uşaqların, yeniyetmə və gənclərin yaradıcılıq nümunələri nümayiş etdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb. Sərginin açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb, bu gün respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda bu qələbənin ildönümünün böyük iftixarla, qürurla qarşılandığını söyləyib.
Çıxışlarda sərginin istedadların üzə çıxarılmasında, tanıdılmasında, uşaqların, yeniyetmələrin və gənclərin Vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyəti olduğu vurğulanıb.
Sonra balacaların ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Sərgiyə baxış iştirakçılarda böyük marağa səbəb olub, hər kəsdə xüsusi təəssürat yaradıb. Balacaların, yeniyetmə və gənclərin çəkdikləri rəsmlərdə, hazırladıqları fiqurlarda, həm də böyük qələbənin sevinci, şəhidlərimizin qısa, mənalı həyatı əks olunub.