“ZEYTUN YOLLARI” MƏDƏNİYYƏT PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 22-də 2008-ci ildə YUNESKO-nun keçirdiyi “Zeytun yolları” mədəniyyət proqramı çərçivəsində Bakıya gəlmiş yunan qrupu tərəfindən Milli Olimpiya Komitəsinin qarşısında əkilmiş zeytun ağacının yanında qurulmuş lövhənin açılış mərasimi olmuşdur.
Mərasimdə Yunanıstan tərəfdən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının XXI iclasında iştirak etmək üçün Bakıya gəlmiş xarici işlər nazirinin müavini Spiros Kouvelis, bu ölkənin Azərbaycandakı səfiri İoannis Metaksas, xarici işlər nazirliyinin iqtisadi əlaqələrə məsul baş direktoru, səfir Elefterios Angelopoulos və başqaları, Azərbaycan tərəfdən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak etmişlər.
İsmayıl İsmayılov bildirmişdir ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımızın çıxışlarında, onların müxtəlif beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil etməsində, idman infrastrukturumuzun gücləndirilməsində, Olimpiya ideallarının geniş təbliğində bunu əyani şəkildə görürük. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən Olimpiya hərəkatının inkişafına yüksək diqqət yetirilir. 2000-ci ildən bu günə kimi ölkəmizdə 22 Olimpiya İdman Kompleksi tikilmişdir və 16 kompleksin inşası davam edir. Gələcəkdə bütün rayonlarımızda idmanla məşğul olmaq üçün müasir infrastruktur yaradılacaqdır. Müstəqil dövlət kimi Azərbaycan Yay Olimpiya Oyunlarında 4 dəfə iştirak etmiş və hər dəfə yüksək nəticələr qazanılmışdır. İlk dəfə Atlantada 1 medal qazanılmışdırsa, Sidneydə 3, Afinada 5, Pekində isə 7 medal əldə edilmişdir.
Nazir müavini əlavə etmişdir ki, Olimpiya hərəkatının töhfəsi olan bu ağacın hər kəs üçün sülh və dostluq rəmzinə çevriləcəyinə inanır.
######
