REGİONLAR
100 yaşlı Fatma nənə: Azərbaycanı xoşbəxt gələcəyə aparacaq insana səs verdim
Balakən, 7 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun ən yaşlı seçicilərindən olan 100 yaşlı İbrahimova Fatma Abdulrəhman qızı növbədənkənar prezident seçkilərində səs verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Balakən seçki dairəsinin 3 saylı məntəqəsində qeydiyyatda olan Fatma nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkilərində də iştirak edib. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün məntəqə seçki komissiyasına ərizə ilə müraciət edib. Fatma nənənin müraciəti nəzərə alınaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Fatma nənə nəvəsinin köməyi ilə seçki bülletenini doldurub.
Nənə AZƏRTAC-a açıqlamasında deyib: “Ürəyimdə tutduğum namizədə - Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək insana səs verdim. Qoy, ölkəmizdə həmişə əmin-amanlıq olsun. Hamıya uzun ömür arzulayıram”.
1924-cü il təvəllüdlü Fatma İbrahimovanın bir övladı, dörd nəvəsi, iki nəticəsi var. O, bütün seçkilərdə səsvermə prosesində şəxsən iştirak edib. Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir.