SİYASƏT
Ermənistan insidentlərin araşdırılması kimi texniki və köməkçi addımı siyasi möhtəkirlik obyektinə çevirir VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Son günlər insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri müxtəlif təhrifedici bəyanatlarla çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir. İlk növbədə ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir?
Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında əhatəli və məzmunlu çıxışı zamanı beynəlxalq auditoriya qarşısında bildirmişdi: “Sual ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın”.
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz, heç onların araşdırılmasına da ehtiyac qalmaz”.
H.Hacıyev deyib ki, Ermənistan tərəfindən münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması məsələsi qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.
“Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq”, - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.