REGİONLAR
Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə yolu əsaslı şəkildə qurulur VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Siyəzən rayonunda ümumi uzunluqları 56,6 kilometr olan və 37,3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Bu yollardan biri də Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 17,1 kilometr olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.
Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kubmetrdir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub.
Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisinin ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün 100 min kvadratmetrdən artıq sahəyə döşənməsi işləri aparılacaq.
Bundan başqa, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə, layihədə yol boyu 119 ədəd yol nişanı və 684 ədəd siqnal dirəkləri quraşdırılacaq, 51 kilometr üfüqi nişanlanma xətləri çəkiləcək.
Sözügedən yolun yenidən qurulmasında məqsəd əhalinin rahat gediş-gəlişini təmin etməkdir.
Yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.