REGİONLAR
Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu yenidən qurulur VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən layihələrdən biri də Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yoludur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24,5 kilometr, torpaq və çınqıl örtüklü olmaqla yolun eni isə 4-5 metrdir.
Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr olacaq, odur ki, hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.
Tikinti layihəsinə uyğun olaraq, hazırda yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.
Bundan başqa, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün optimal qırmadaş, üst layının tikintisi üçün isə qum-çınqıl qarışığı ilə aparılacaq, çiyinlərin bərkidilməsi işləri görüləcək.
Avtomobil yolu üzərində hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşınması asanlaşacaq, yol boyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək.
Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına da geniş imkanlar yaradacaq.