SİYASƏT
Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli, şəffaf şəraitdə keçib VİDEO
Strasburq, 24 aprel, AZƏRTAC
Azərbaycanda keçirilmiş prezident seçkiləri tam siyasi rəqabət mühitində, əsas hüquq və azadlıqların təmin edildiyi şəraitdə keçirilib. Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli, şəffaf şəraitdə keçib. Beynəlxalq və yerli təşkilatların həyata seçkiqabağı sorğuların, eləcə də “exit-poll”ların yekunları seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, bir daha seçkilərin seçicilərimizin iradəsini tam əks etdirdiyini göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, seçki kampaniyası müddətində namizədlər televiziya kanallarında sərbəst çıxış edib, seçiciləri ilə müntəzəm görüşlər keçiriblər. Qanunvericiliyə uyğun olaraq İctimai Televiziyada namizədlərə pulsuz efir vaxtı ayrılıb və seçki kampaniyası tam ictimai marağı cəlb edib.
Beynəlxalq müşahidəçilər etiraf ediblər ki, seçkilər yüksək səviyyədə təşkil olunub. Mərkəzi Seçki Komissiyası müntəzəm olaraq ictimai debatlar keçirib. 58175 yerli müşahidəçi, 4041 QHT nümayəndəsi müşahidəçi kimi qeydə alınıb. Azərbaycanın Seçki Məcəlləsi müfəssəl tərtib edilib. Seçkilər ATƏT, AŞPA və digər beynəlxalq qurumlar tərəfindən sərbəst şəkildə müşahidə edilib. Bütün bunları nəzərə alaraq DTİHB-nin rəyini anlamaq mümkün deyil, bu rəy qərəzlidir. Biz onu qeyri-obyektiv və ədalətsiz hesab edirik.
Elşad Həsənov Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və digər yüksək vəzifəli şəxslərin Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik etdiklərini diqqətə çatdırıb. “Düşünürəm ki, birgə dəyərlərimiz və maraqlarımız çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmalı və bölgədəki sabitlik və rifah naminə əzmlə çalışmalıyıq”, - deyə o, avropalı həmkarlarını birliyə səsləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq