REGİONLAR
Qubada yeni park salınır VİDEO
Quba, 3 may, Elxan Yusifli, AZƏRTAC
Qubada həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq şəhərdə yeni park salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, altı min kvadratmetr ərazidə salınan parkda rayon sakinlərinin, eləcə də Qubaya gələn turistlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Parkda uşaq əyləncə mərkəzi, müxtəlif attraksionlar, oturacaqlar, işıqlandırma sistemi quraşdırılacaq.
Quba Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Əvəz Balakişiyev bildirib ki, parkda tikinti işlərinə 5 aydır başlanılıb. Şəhərin giriş hissəsində salınan parkda hazırda hörgü işləri görülür. Gələcəkdə burada 1200 kvadratmetr ərazidə dekorativ kol və ağaclardan ibarət yaşıllıq salınacaq. Park bu ilin avqust ayında sakinlərin istifadəsinə veriləcək.
Rayonda digər tikinti-abadlıq işləri də aparılır. Hazırda şəhər ərazisindəki 32 çoxmənzilli binanın dam örtüyü və fasadı yenilənir. Binaların təmiri 2018-ci ilin sonunadək yekunlaşacaq.