Tovuzun Hunanlar kəndində becərilən kök Rusiya bazarlarına göndərilir VİDEO
Tovuz, 3 may, Famil Quliyev, AZƏRTAC
Tovuzda faraş kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir. Kök su sevən olduğundan əsasən, Kür çayı sahilində yerləşən ərazidə əkilir.
Oktyabrda torpağa səpilən bitki aprelin sonlarından yığılmağa başlanılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman kökün 1 kiloqramının qiyməti 70-80 qəpik arası dəyişir. Hazırda sahələrdə kökün satış qiyməti 50 qəpikdir.
Fermer Elməddin Eyvazov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, məhsul paytaxt və Rusiya bazarlarına göndərilir. Rusiya bazarlarına çıxarılan kök kəndin girişində iritonnajlı avtomobillərə yüklənərək daşınır.
Kənddə 300 hektardan artıq sahədə kök əkilib və yığım iyul ayına qədər davam edəcək.