Vyanada mərhum səfir Fuad İsmayılovun xatirəsi anılıb VİDEO
Vyana, 5 may, AZƏRTAC
Azərbaycanın Avstriyada səfiri işləmiş mərhum Fuad İsmayılovun 50 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə tədbiri keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriya hökumətinin və Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, F.İsmayılovun ailə üzvləri və yaxınları, eləcə də Avstriyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova səfir Fuad İsmayılovun Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin inkişafına böyük töhfə verdiyini bildirib. Qeyd edilib ki, mərhum səfir bir sıra sahələrlə yanaşı, hər iki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb. F.İsmayılovun qarşıya qoyduğu və üzərində yorulmadan çalışdığı məqsədlərdən biri - Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi, təəssüf ki, onun vəfatından sonra gerçəkləşdi.
L.Qasımova Azərbaycan Mədəniyyət Mərkəzi və F.İsmayılovun ailəsi adından tədbirə qatılan çoxsaylı qonaqlara Azərbaycan diplomatının xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Fuad İsmayılovun xatirələrdə peşəkar diplomat, səmimi dost və parlaq şəxsiyyət kimi qaldığını bildirib. Mərhum diplomatın həyat və peşə yoluna nəzər salan Q.İsmayılov onun Azərbaycanın diplomatik xidmətində göstərdiyi fəaliyyətdən bəhs edib. Qeyd edilib ki, dünyanın bir çox ölkələri kimi, Azərbaycan üçün də Vyana ən mürəkkəb diplomatik məntəqələrdən biridir. Burada bir çox ikitərəfli və çoxtərəfli funksiyalarla yanaşı, ATƏT-in, BMT-nin Vyana bölməsi və digər mühüm beynəlxalq təşkilatların qərargahları yerləşir. Məhz belə şəhərdə 2005-ci ildən vəfat etdiyi 2011-ci ilədək səfir vəzifəsində çalışan Fuad İsmayılov öz nümunəvi və peşəkar fəaliyyəti ilə Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edib. 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması da onun diplomatik uğurları sırasındadır.
Avstriya Ali Məhkəməsinin keçmiş prezidenti Yohann Reşut çıxışında Fuad İsmayılovu ölkəsinin maraqları uğrunda yorulmadan çalışan, diplomatiya elminin bütün incəliklərinə bələd olan, ünsiyyətcil, tərəf müqabilini rahatlıqla öz mövqeyi ilə razılaşdırmağı bacaran mükəmməl bir diplomat, əsl vətənpərvər kimi xarakterizə edib. O, Fuad İsmayılov kimi yüksək fərdi keyfiyyətlərə malik, insani və peşəkar mükəmməlliyin zirvəsində dayanan bir şəxslə həm işgüzar, həm də dostluq münasibətlərində olduğundan fəxr etdiyini vurğulayıb. Cəmi 43 yaşında həyatdan köçən Fuad İsmayılovun vəfatının onun üçün də qəbuledilməz acı fakt olduğunu diqqətə çatdıran Y.Reşut qısa, lakin mənalı ömür yaşamış diplomatın xatirəsinin qəlblərdə daim yaşayacağını qeyd edib.
Çıxışlardan sonra tədqiqatçı, jurnalist və sənədli filmlər müəllifi Fuad Axundovun ərsəyə gətirdiyi və Fuad İsmayılova həsr olunan sənədli film nümayiş etdirilib.
Sonra Azərbaycan incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli (fortepiano) və İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasının solisti Azər Rzazadə (tenor) italyan və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən ibarət proqramla çıxış ediblər.
Konsert proqramının ikinci hissəsində isə tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz kvarteti çıxış edib. Gənc tarzən Arslan Növrəsli ilə Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları üzərindən caz improvizasiyaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana