Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 2121 icma əsaslı sosial və iqtisadi infrastrukturyönümlü layihə icra olunub VİDEO
İsmayıllı, 12 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mayın 12-də İsmayıllı rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) nəticələri təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kənd investisiya layihələrinin həyata keçirildiyi icmalar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsullarına və əl işlərinə baxıblar.
Azərbaycan Kənd İnvestisiya Layihəsinin nəticələrinin təqdim olunması münasibətilə keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, AzKİL Azərbaycanda 12 ildən çoxdur fəaliyyət göstərir. Ən iri və ən uzunömürlü layihələrdən hesab olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində indiyədək ölkə üzrə 2121 icma əsaslı sosial və iqtisadi infrastrukturyönümlü layihə icra olunub.
Mirzə Əliyev qeyd edib ki, ölkəmizin regionlarının inkişafı üçün çox əhəmiyyətli hesab olunan bu layihələrin icrasına, ümumilikdə, 140,9 milyon dollar vəsait xərclənib. Layihələr 3,6 milyon nəfərədək kənd əhalisinin həyatını, sosial rifahını yaxşılaşdırmağa xidmət edib ki, bu da ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Layihənin şəffaflığı, icmalar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə elektron xəritə (http://azrip.net/maps/index.html) hazırlanıb. Bu xəritə 2017-ci ilin oktyabrında Dünya Bankının Vaşinqtonda keçirilən illik iclasında təqdim edilib. Layihə üzrə xərclənən vəsaitləri, icra edilən sublayihələri və onların növlərini bu xəritədə tam dəqiqliklə görmək mümkündür.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Kənd İnvestisiya Layihəsinin İsmayıllı rayonuna da böyük töhfələr verdiyini vurğulayıb. Kənd İnvestisiya Layihəsi çərçivəsində bu günə qədər təkcə İsmayıllıda 48 mikro-layihə, o cümlədən 28 kənddaxili yolların bərpası, 16 içməli su çəkilişi, 2 gəlir gətirən layihə (inkubator cücə müəssisəsi və icma sərgi satış mərkəzi), eləcə də 2 icmada abadlıq layihələri uğurla həyata keçirilib.
Regionlardan 150-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda infrastruktur, gəlir gətirən və ictimai inkişaf layihələrinin rəhbərləri 3 paneldə öz işlərini təqdim edərək, təcrübələrini paylaşıblar.
Sonra tədbir iştirakçıları İsmayıllı rayonunda həyata keçirilmiş bəzi icma əsaslı layihələrlə tanışlıq məqsədilə Sumağallı kəndinə və Lahıc qəsəbəsinə səfər ediblər.