Qusarda 5 kəndi birləşdirən yeni yolun tikintisi iyul ayında yekunlaşacaq VİDEO
Qusar, 30 may, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda inşa olunan Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi iyul ayınadək başa çatdırılacaq. On min nəfərdən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 21 kilometrdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yola asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Artıq ilk 3 kilometrdə işlər yekunlaşıb.
Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolunun hərəkət hissəsinin eni 6, yol çiyinləri ilə birlikdə isə 12 metrdir. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdirilib.
Köhnə Xudat-Həzrə yolu 1988-ci ildə tikilib. İstismar müddəti bitdiyindən yolda avtomobillərin hərəkəti çətinləşmişdi.
Yeni çəkilən yoldan Əvəcuq, Hil, Piral, Yasab, Həzrə və ətrafdakı digər kəndlərin sakinləri istifadə edəcək.
Yolun tikintisi başa çatdıqdan sonra müvafiq yerlərdə yol nişanları qoyulacaq.