Qusarın iki kəndinin 1000-dən çox abonenti ilk dəfə “mavi yanacaq”la təmin olunacaq VİDEO
Qusar, 31 may, Elxan Yusifli, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qusar rayonunun daha iki kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Piral kəndinin qazlaşdırılması işlərinə aprel ayından start verilib. Kəndin qazla təmin olunması üçün 38 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. Ötən müddət ərzində işlərin 50 faizi görülüb. İşlər yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 700 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Piralda işlər yekunlaşdıqdan sonra Cibir kəndində qaz xəttinin çəkilişinə başlanılacaq. Bu yaşayış məntəqəsində 320 abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılacaq.
Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.
İlkin mərhələdə 10 kənddən altısında tikinti-quraşdırma prosesinə start verilib. Hazırda Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Qubanın Ərməki, Güney məhəllə, Şabranın Qorğan kəndlərində işlər davam edir. Bu kəndlərdə, ümumilikdə, 1535 abonent var.