REGİONLAR
Qubada salınan yeni ərik bağlarında Avropadan gətirilən sortlar əkilir VİDEO
Şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq
Quba, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada yeni salınan ərik bağlarında Avropa ölkələrindən gətirilən yeni sortların əkilməsinə üstünlük verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni salınan bağlarda əriyin “Milord”, “Serpa”, “Viva” və başqa sortları becərilir. Bu növ əriklər iki ildən sonra bol məhsul verməyə başlayır. Yeni ərik növləri iyulda deyil, avqust ayında yetişir.
Təsərrüfatçı Rəşad Nəcəfi bildirir ki, uzun illər bağlarında ənənəvi ərik sortları becərsələr də, məhsuldarlıq aşağı olurdu. “Çünki dədə-baba sort ərik ağacları yaz aylarında tez-tez rast gəlinən qeyri-sabit hava şəraitinə uyğunlaşa bilmir. Ağacların çiçəkləmə dövründə havalar soyusa və ya duman olsa, bütün meyvə məhv olur. Həmin il ağaclarda məhsul yetişmir. Son illər isə bu, adi hala çevrilmişdi. Ona görə də çox təsərrüfatçı ərik bağlarını şaftalı, alma, fındıq və digər meyvələrlə əvəzlədi. Biz isə problemdən çıxış yolu kimi Avropadan gətirilən yeni ərik növlərinə üstünlük verdik. Bu ağaclar yerli şəraitə tez uyğunlaşır”, - deyə R.Nəcəfi qeyd edib.
Şimal regionunda 269 hektar ərik bağı var. Bunun 160 hektarı Qubanın payına düşür.
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov bildirir ki, ənənəvi ərik sortları olan “Qırmızıyanaq”, “Şalax”, “Parnas” və “Badamı” ləziz dadı ilə fərqlənsə də, qeyri-sabit hava şəraitinə davamlı deyil. Buna görə də yeni salınan intensiv bağlarda əriyin Avropadan gətirilən yeni sortları əkilib. İlkin müşahidələr göstərir ki, yeni əkilən tinglər yerli iqlimə tam uyğundur. Bu səbəbdən də son bir neçə ildə bağbanlar bu ərik sortlarına maraq göstərirlər.
Mədət Qurbanovun sözlərinə görə, şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq. Xüsusilə ərik və şaftalı bağlarında bol meyvə gözlənilir.