REGİONLAR
Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Tovuzda strateji əhəmiyyətə malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu və Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yolları yenidən qurulur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Yolun 18 kilometr uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişir.
Layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilir, genişləndirilmiş ərazilərə yolboyu yararlı material tökülərək qrunt yayılır və kipləşdirilir, yeni yol yatağı inşa olunur. Bu işlər 60 min kubmetrdən çox həcmdə icra olunur.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yolboyu avtoqreyderlə 26 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 poqonmetr uzunluğunda suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası , boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri görüləcək. Yol əsasının alt layının tikintisi 20 santimetr hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 santimetr hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılacaq. Yol əsasının tikintisi 182 min kvadratmetr sahəni əhatə edəcək. Bunun ardınca isə yolun asfaltlanması işlərinə start veriləcək. Əlaqələndirici bitum səpilməklə 100 min kvadratmetrdən çox sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənəcək.
Analoji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılır. Burada yolların ümumi uzunluğu 15 kilometr təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişir.
Yolun yararsız qruntunun qazılıb kənarlaşdırılması və V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilir. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli süxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılır. Ümumilikdə bu işlərin həcmi 53 min kubmetr təşkil edir.
Tikinti norma və standartlarına uyğun olaraq yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18.5 min poqonmetr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 poqonmetr uzunluğunda dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır.
Layihəyə əsasən, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün yollar boyu 110 min kvadratmetrdən çox sahədə 2 laydan ibarət və 28 santimetr hündürlüyündə yol əsasının tikintisi nəzərdə tutulub.
Bunun ardınca isə düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kvadratmetrdən çox sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Yanıqlı, Sofular və Saladinli kəndlərinə giriş yollarının 60 min kvadratmetrdən çox sahəsində isə yol geyiminin 12 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi aparılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.