CƏMİYYƏT
Gecə saatlarında aptekə oğurluq məqsədilə daxil olan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb VİDEO
Bakı, 7 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətin təhlükəsizliyi 24 saat ərzində etibarlı şəkildə mühafizə edilir. Bunu sübut edən hadisələrdən daha biri ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi – 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən aptekdə oğurluğun qarşısı mühafizə polisləri tərəfindən vaxtında çevik reaksiya göstərilərək alınıb. Polislərin operativliyi nəticəsində obyektə külli miqdarda ziyan vurulmasına imkan verilməyib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gecə saat 04:22 radələrində Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə yaxınlaşan Nəsimi Mühafizə İdarəsinin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta biliblər. Saxlanılan zaman onun üzərində axtarış aparılarkən həmin şəxsdən kəsici alətlər və hadisə zamanı aptekin qapısını qırmaq üçün istifadə etdiyi dəmir parçası aşkarlanaraq götürülüb. Oğurluq etmək istəyən şəxs daha sonra ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilən Anar Rəşidzadə olduğu müəyyənləşib.
Saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı A.Rəşidzadə barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya 19-cu Polis Şöbəsində müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi əhalini bir daha əmin edir ki, mühafizə polisinə etibar edərək müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün bütün saatlarında etibarlı şəkildə qorunur.