REGİONLAR
Qubada “Talassemiyasız həyat naminə” simpozium və ödənişsiz müayinələr təşkil olunub VİDEO
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 16-da Qubada Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Talassemiyasız həyat naminə” beşinci regional elmi simpozium çərçivəsində rayon sakinləri ödənişsiz tibbi müayinələrdən də faydalana bilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan simpoziumda Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxış edərək ölkəmizdə səhiyyə sahəsində, o cümlədən talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan danışıb. Bildirib ki, həyata keçirilən işlər, eyni zamanda, maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır.
Tədbirdə Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələri, respublikanın müxtəlif bölgələrində keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. İndiyədək Mingəçevir, Qax, Şirvan və Lənkəranda “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpoziumlar və ödənişsiz tibbi müayinələr keçirildiyi bildirilib.
Sonra simpozium elmi sessiyalarla davam edib. Tədbirdə talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları və bu sahədə Talassemiya Mərkəzinin təcrübələri, xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar və psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.
Layihə çərçivəsində Talassemiya Mərkəzinin mütəxəssisləri Quba Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı xəstələrin müalicəsi üzrə kabinetlərin işi ilə tanış olublar. Həmçinin tibb müəssisəsində talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr təşkil edilib.