SİYASƏT
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Novruz təntənəsi VİDEO
Vaşinqton, 22 mart, AZƏRTAC
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilati dəstəyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib.
Tədbirdə hər iki qurumun çoxmillətli əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, həmçinin Dünya Bankında fəaliyyət göstərən Azərbaycanlılar Assosiasiyasının üzvləri iştirak ediblər.
Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Pol İnderbinen təbrik nitqi söyləyib, baharın gəlişinin müjdəçisi olan Novruzun ABŞ-da qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndiriblər.
Qonaqlar Novruz şənliyi çərçivəsində xalqımızın tarixi adət-ənənələri, o cümlədən Novruza məxsus özəlliklərlə yaxından tanış olublar. Onlara Azərbaycan milli mətbəxinin ən özəl nümunələri, həmçinin Novruzun əsas simvolları olan milli şirniyyatlarımız təqdim edilib.
Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbi şagirdlərinin ifasında milli rəqslərimiz, həmçinin tədbir çərçivəsində təşkil edilmiş Azərbaycan milli guşəsi böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun hər biri özündə 189 ölkəni birləşdirir. Azərbaycan 1992-ci ildən hər iki təşkilatın fəal üzvüdür.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton